"Azərbaycan Xalq Cümhuriyyəti" adlı onlayn tədbir

27 may 2021-ci il tarixində məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı, Xəyalə Əliyevanın köməkliyi və 6 “C” sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, direktor müavinləri Zahidə Əhmədova, Yeganə Sadiqova, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Mehriban müəllim vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Azərbaycan Dövlət himni səsləndirildi və şagirdlərin ifasında şeirlər söylənildi, “Çirpınırdı Qara dəniz” mahnısı ifa olundu. Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş edildi. Emil Əhmədovun ifasında Bəxtiyar Vahabzadənin sözlərinə Mehriban müəllimin bəstələdiyi “Yaşa Azərbaycan!” mahnısı səsləndi. Sonra Nizami müəllim, Zahidə müəllim, Xəyalə müəllim çıxış edərək qeyd etdilər ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü kimi Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: ”Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə -XIX əsrin sonu XX əsrin əvvəllərində milli azadlıq və müstəqillik arzusu ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu”. Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunu və iqtisadi qüdrətini daha da artırır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini qoruyub saxlayır, həm də onu daha da möhkəmləndirib və dünyanın ən önəmli ölkələrindən birinə çevirib. Tədbirin təşkilində və keçirilməsində əməyi olanlara təşəkkürlər bildirildi. Tədbir Azərbaycanın himninin dünya xalqlarının təmsilçilərinin səslənməsi ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi