“Yaşıl gələcək naminə: heyvanları qoruyaq, ətraf mühiti təmiz saxlayaq!” şüarı altında aksiya keçirilib
Oktyabr ayının 30-dan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın təşəbbüsü ilə (KA-nın prezidenti Təranə Nəcəfova) “Yaşıl gələcək naminə: heyvanları qoruyaq, ətraf mühiti təmiz saxlayaq!” aksiyasına start verilib. Aksiyanın keçirilməsinin əsas məqsədi gənclərdə heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarət olub. Aksiyaya başlamazdan öncə məktəb rəhbərliyinin iştirakı ilə KA-nın iclası keçirilib. İclasda aksiyanın məqsədi, keçirilmə istiqamətləri, heyvan yemlərinin paylanması müzakirə olunub. Məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək, bu ideyanı dəstəklədiyini, heyvanların ümumi canlılar aləminin təkamülündə mühüm rol oynadığını söyləyib.
Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülər məktəb və onun yaxınlığında olan heyvanları yemləyiblər. Bu aksiyaya Xəzər rayon məktəbləri də qoşulub. Belə ki, oktyabr ayının 31-də KA-nın üzvləri heyvan yemlərinin bir qismini 156 nömrəli tam orta məktəbə, noyabr ayının 1-də 123 nömrəli tam orta məktəbə, bu gün 183 nömrəli tam orta məktəbə həmin ərazilərdə olan sahibsiz heyvanları yemləmək üçün təhvil veriblər.
Şagirdlər “Heyvanları sevək!”, “Yaşıl gələcək naminə: heyvanları qoruyaq, ətraf mühiti təmiz saxlayaq!” şüarlarını səsləndiriblər.