Ana Dili Günü qeyd olunub
Bildiyimiz kimi, 1999-cu ilin noyabrında Banqladeş səfirliyinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana dili Günü elan edilib. Beynəlxalq Ana dili Günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib.
3 a sinfinin rəhbəri İradə Muradova şagirdlərlə sinif saatı keçirib. İ.Muradova şagirdlərə dilimizin saflığı, gözəlliyi, səlisliyi, zənginliyi haqqında geniş məlumat verib. Sonra şagirdlər Ana dilimizə həsr olunmuş şeirlər, bayatılar söyləyib, mahnılar ifa ediblər.
4 a sinfinin rəhbəri Xırdaxanım Əmirova kitabxana müdiri Gülxatın Məmmədxanova ilə birgə “Kitabxanaya bir kitab hədiyyə” layihəsinin gerçəkləşdirib. Şagirdlər özləri hazırladıqları hekayə və şeirlərdən ibarət kitabları kitabxanaya bağışlayıblar.
Ana dili günü məktəbin akt zalında daha təntənəli qeyd olunub. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova, pedaqoji kollektiv və şagirdlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Öncə söz məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasovaya verilib. O, öz çıxışında Ana dilimizin qədim tarixindən söhbət açıb. Dünyada zənginliyi və ahəngdarlığı ilə seçilən dilimizin norma və qaydalarına əməl etməyi şagirdlərə məsləhət verib.
Tədbir şagirdlərin hazırladıqları rəngarəng çıxışları ilə davam edib.
Sonda məktəb rəhbərliyi tədbirin təşkil olunmasında əməyi olanlara öz minnətdarlığını bildirib.
.