Məktəblilər üçün ekskursiya
Yanvarın 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 22 nəfər sosial müdafiəyə ehtiyacı olan şagirdi Qəbələ rayonuna ekskursiyaya yola salındı. Şagirdlərdən 5 nəfəri 168 nömrəli tam orta məktəbi təmsil edib. Yolasalma mərasimində RİH əməkdaşları, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ekskursiyanın təşkil edilməsində əsas məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, istirahəti, dünya görüşünün artırılması, Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanışlıq, valideynlərə sərbəst vaxtın qazanılmasında və məişət qayğılarının azaldılmasında kömək göstərməkdir.
Pirallahı məktəbliləri üç gün ərzində ölkəmizin dilbər guşələrindən olan Qəbələ və Şəki rayonlarına səyahət ediblər. Şagirdlər Qəbələ şəhərinin tarixi-mədəni abidələri ilə tanış olaraq təşkil olunmuş viktorinalarda iştirak etdilər. Yanvarın 26-da şagirdlərimiz Şəki şəhərində olublar. Şəkinin tarixi abidələri, maddi-mədəni irsi, Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi, XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi ilə tanış oldular. Yanvarın 27-da şagirdlərimiz yüksək əhval-ruhiyyə ilə Pirallahı rayonuna geri dönüblər.