Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

28 aprel 2025-ci il tarixində məktəbimizdə Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbir ədəbiyyat müəllimi Həcər Bəşirovanın təşəbbüsü və 8"B"sinfin iştirakı ilə həyata keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Kəmalə Qədirova açaraq, Zərifə Əliyevanın şərəfli həyat yolu, elmi nailiyyətləri və tibb sahəsindəki xidmətləri haqqında ətraflı məlumat verdi. Direktor çıxışı zamanı Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafına verdiyi töhfələrdən, onun yüksək insani keyfiyyətlərindən və pedaqoji fəaliyyətindən danışaraq, onun nümunəvi həyatının gələcək nəsillər üçün bir örnək olduğunu vurğuladı.
Dəyirmi masa zamanı müəllim və şagirdlər Zərifə Əliyevanın elmi araşdırmaları, onun göz xəstəliklərinin profilaktikası sahəsindəki yenilikləri və beynəlxalq aləmdə qazandığı nüfuz barədə təqdimatlarla çıxış etdilər. Tədbirdə həmçinin Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu və şagirdlər onun xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər.