FƏXRİMİZ

    

        Eldar Tağızadə 1963-cü il sentyabrın 6-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildən 1980-ci ilədək Nəsimi rayonu 164 №-li tam orta məktəbdə təhsil almışdır. Oxuduğu müddətdə məktəbin həyatında fəal iştirak etmiş, ingilis dilini öyrənmişdir. Ədəbiyyata böyük maraq göstərmiş, detektiv oxumağı çox sevmiş, karate və boksla məşğul olmuş, sonralar əlbəyaxa döyüşə də xüsusi diqqət yetirmişdir. Hələ uşaqlıq illərində cinayət axtarışı əməliyyat müvəkkili olmaq arzusunda olmuşdur. 1985 – ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinin biokimya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Elə ordaca hərbi hazırlıq kurslarını keçərək ehtiyatda olan leytenant rutbəsini almışdır. Universitetdə təhsil aldığı illərdə gənclərin tərbiyəsinə yönələn ictimai həyatda yaxından iştirak etmişdir. BDU – nun beynəlmiləl şöbəsinin müdiri olaraq xarici tələbələrlə müntəzəm iş aparmışdır.

O, Azərbaycan Respublikası EA botanika ETİ – da işləyərək axşamlar vaxt edib, 26 Bakı Komissarı (köhnə adı) adına RDİŞ – nin cinayət axtarışında ştatdankənar əməkdaşı  işləmişdir. Eldar öz istəyi ilə, RDİŞ – də stajirovkadan sonra 1988 – ci ildə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinə SSRİ  DİN – in cinayət axtarışı üzrə Ali Kurslarına oxumağa göndərilmişdir.

1988 – ci ildə Eldar Daxili işlər orqanlarında işləmişdir. 1989 – cu ildə cinayət axtarışı üzrə Sverdlovskda ali kurslarda ixtisasını artırmış, kursları fərqlənmə diplomu ilə bitirib, baş leytenant rütbəsində Bakıya qayıtmışdır. Qayıtdıqdan sonra Eldarı Səbayıl RDİŞ-ə əməliyyat müvəkkili vəzifəsinə təyin etmişlər. O, RDİŞ – nin cinayətkarların tutulub saxlanılması üzrə bütün tədbirlərində iştirak etmiş, ona görə də daim təltiflərə layıq görülmüş, eləcə də öz xidməti borclarını vicdanla yerinə yetirdiyinə, Bakı şəhərində nizam – intizamın mühafizəsində fəal iştirakına görə Bakı İcra Komitəsinin Daxili İşlər İdarəsinin Fəxri tərifnaməsinə layiq görülmüşdür.

Sonra Eldar DİN – in Millətlərarası Münasibətlər Şöbəsinə işləməyə getmişdir.

DİN – nin Millətlərarası Münasibətlər Şöbəsində işləyərkən, onun işi Dağlıq Qarabağ və Ermənistanla həmsərhədd olan rayonlarla bağlı olmuşdur. İki il ərzində o dəfələrlə cəbhədə olmuş, zabit və sıravi əsgərlərin əsirlikdən azad edilməsində, girovların dəyişdirilməsində bilavasitə iştirak etmiş, körpüləri minalamış, dəfələrlə ölümlə üz-üzə qalmışdır.

1991 – ci ildə ona növbəti kapitan rütbəsi verilmişdir Yaxşı işlədiyinə görə II dərəcəli  “За отличие в службе”  döş nişanı və bir sıra Fəxri fərmanlarla təltif edilmişdir.

O, çox cəsur idi, hər bir əməliyyata həmişə birinci gedərdi, ən yaxşı müvəkkillərin biri sayılırdı, hamı onu “pəhləvan” deyə çağırırdı. Onun biliyini, bacarığını, qorxmazlığını, işdə professionallığını, yüksək məsuliyyət hissini və Vətənə olan böyük məhəbbətini nəzərə alaraq Eldar son vaxtlarda DİN – in Terrorizmə və Banditizmə Qarşı Mübarizə üzrə Xüsusi İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdi.

Bu onun son vəzifəsi idi.

Qarabağda xüsusi döyüş tapşırığını yerinə yetirərkən silahlı düşmənləri tərksilah edib zərərsizləşdirməkdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992 – ci il 3 sentyabr tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

“Dost itirmək həmişə çətindir, - dostları elə deyərdi. –Lakin hansı adamla ki, birlikdə dəfələrlə ölümlə üz-üzə olmuşsan və ən ağır məqamlarda ona arxalanmısan, elə bir adamı itirmək ikiqat ağırdır.”

Qəhrəmanlıq fərmanı çıxanda, Eldarın ad gününə cəmi üçcə gün qalırdı, sentyabrın 6 – da onun 29 yaşı tamam olacaqdı. Amma Eldarın yaşamaq, yaratmaq həvəsilə dolu ürəyindən keçən qatil gülləsi onun cavan ömrünü yarımçıq qoydu.

1992 –ci il 3 iyulda Eldarın iştirak etdiyi döyüş sonuncu oldu.

19 mart 1993 – cü il tarixli Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 6/38 №-li qərarı ilə 164 №-li məktəbə Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin adı verilmişdir.

Məktəbdə şəhidin büstü qoyulmuşdur, vaxtilə yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi