164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəb üçün 600 yerlik əlavə tədris korpusu inşa olunub, əlverişli təlim imkanları yaradılıb.
Məktəbin pedaqoji kollektivi tərəfindən müəyyənləşdirilən “Bu günün yüksək təhsili sabahın parlaq gələcəyi inkişafın qarantıdır” devizi onun fəaliyyətinin əsasını təşkil edir.
Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Həmçinin, pedaqoji kollektivin 11 üzvü “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb.
Məktəbin fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Məktəb bir çox layihələrdə fəal iştirak edir.
Təlim prosesində İKT–dən istifadə keyfiyyəti yüksəldir. Elektron dərslər şagirdlərdə təlimə marağı artırır, öyrəndiklərini daha yaxşı yadda saxlamağa kömək edir. Müəllimlər təlim prosesində şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradır, şagirdlərlə daim ünsiyyətdə olur, onları düşündürən məsələlərlə bağlı söhbət edirlər. İnformasiya axının bol olduğu bir dövrdə şagirdlərin həyata baxışlarının düzgün istiqamətlənməsində onlara kömək edir, daim düzgün ünsiyyət qurmağa çalışırlar.
Məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivin qarşısına qoyulan məqsəd birdir - ölkəyə savadlı gənclər yetişdirmək.
Məktəbdə müəllimlərin fəaliyyətinin artırılması, fənlər üzrə monitorinqlərin aparılması və İKT-nin dərslərdə tətbiqi üzrə yüksək nəticələr əldə olunub. Fənn kabinetləri və əksər sinif otaqları proyektorlarla təmin olunub.
Şagirdlərimiz rayon, şəhər və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir və nailiyyətlər əldə edirlər.