Kitab nəsillərin bir-birinə vəsiyyətidir

Kitablar mehriban bir dost kimi yaxşı fikirlər və biliklər ilə dünyagörüşümüzü, düşüncəmizi zənginləşdirir. Kitab oxumaq insanı mənəvi zənginliyə gətirib çıxarır. Həm də insanları bilikli, söhbətcil və hazırcavab edir. Kitab aldatmayan bir yoldaş, təfəkkürün övladı, yorulmayan qanadlarıdır. O, həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Bu əfsanəvi çırağa səyahət məqsədilə 8"B"sinif şagirdləri “Gəlin hərəmizə bir kitab oxuyaq” devizi altında “Kitab nəsillərin bir-birinə vəsiyyətidir” adlı dəyirmi masa keçiriblər. Şagirdlərimiz Azərbaycan ədəbiyyatından söhbət açaraq oxuduqları əsərlərin mövzu və ideyası, süjet xətti, əsərdəki başlıca problemi, obrazlara olan münasibətlərini açıqlayıb və müasir həyatla əlaqələndiriblər. Şagirdlər S.S.Axundov, C.Məmmədquluzadə, A.Şaiq, Qaraqan, R.Yusifqızı, N. Yusif, E. Elatlı və digər müəlliflərin əsərlərinin ideya-bədii xüsusiyyətlərindən danışıb, bu əsərlərin onların xasiyyət və xarakterinə necə təsir etməyindən söhbət açıblar. Şagirdlər S.Vurğunun “Kitabsız bir ömrün nə mənası var”,- fikrini xatırladaraq bu işdə onlara yardımçı olan Azərbaycan dili və ədəbiyyatı müəlimi H.V.Bəşirovaya, kitabxanaçılarımız Tahirə və Cəmilə xanıma öz təşəkkürlərini bildiriblər. Sonda N.Vəzirovun “Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir” fikrinə sahib çıxaraq “Hərəmizə bir kitab oxuyaq” layihəsini davam etdirəcəklərini bildiriblər.