Zəfər soraqlı ilk dərs günü

Sentyabrın 22-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də I-IV sinifləri üzrə yeni dərs ilinə başlanıb. İlk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Məktəbimizdə də zəfər soraqlı ilk dərs günü qeyd olunub. Dövlət himninin səslənməsindən sonra Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni dərs ilinin başlanması münasibətilə məktəbin direktoru çıxış edib. Kəmalə müəllim çıxışında bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.
Şagirdlər qarşısında çıxış edən məktəbin məzunu ,Qarabağ müharibəsinin qazisi Kənan Şərifov birinci sinfə gələn öz övladını və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. İlk dərslərdə ibtidai sinif müəllimləri şagirdlərə işğaldan azad edilmiş ərazilərimiz haqqında məlumat verib.Şanlı ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bu yolda canından keçən şəhidlərimiz hörmətlə yad edilib. Şagirdlər Vətənə, qələbəmizə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.