“Həyatı bədii əsərlərdən öyrənək” adlı bədii qiraət layihəsinə start verilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164396516661fceaee50a253.68056028.jpg)
04.02.2022-ci il tarixindən məktəbimizdə “Həyatı bədii əsərlərdən öyrənək” adlı bədii qiraət layihəsinə start verilib. Layihənin məqsədi şagirdlərin mütaliəyə olan marağının artırılması, onları kitab oxumağa sövq etməkdən ibarətdir. Məktəbin radio qovşağı vasitəsi ilə həyata keçirilən bu layihənin strukturu belədir: 10 dəqiqəlik tənəffüsdə gözəl diksiyası, aydın nitqi və obrazı canlandırmaq qabiliyyəti olan məktəb şagirdlərindən hər gün biri öz ədəbiyyat müəllimi ilə birgə məktəb kitabxanasından seçilmiş bir əsərdən bir parça oxuyur. Tənəffüsdə olan şagirdlər isə söhbət etmək, qaçmaq, səs-küy yaratmaq və s kimi neqativ davranışların əvəzinə pəncərə kənarlarında, bufetdə və digər yerlərdə dayanıb qiraəti dinləyirlər. Kitab bir həftə ərzində hər gün 10 dəqiqəlik böyük tənəffüsü əhatə etməklə şagirdlər tərəfindən radio qovşağında oxunur. Sonra o kitab yarımçıq buraxılaraq, növbəti kitabın qiraətinə başlanılır. Hansı şagird davamını bilmək istəyirsə kitabxanaya müraciət edib kitabı əldə edir və bitirir. Beləliklə, məktəb kitabxanasının işi də optimallaşdırılır. Ay sonunda oxunmuş kitablar ətrafında məktəbin tərbiyə işləri üzrə direktor müavini və UBR-i şagirdlər arasında sorğu keçirir. Sorğu vərəqini kitabxanaçı və ədəbiyyat müəllimləri birgə hazırlayır. Sorgunun əsasını təşkil edən 10 sual oxunmuş kitabların məzmununa aid olur. Tam düzgün cavablandırılmış sorğu vərəqi kitabların həmin şagird tərəfindən sonadək mütaliə edildiyini təsdiqləyir. Ən əhatəli cavab vermiş bir şagirdə rəhbərlik tərəfindən kitab hədiyyə edilir. Layihə artıq ilk gündən şagirdlərin diqqətini cəlb edib. Kitabxanaya müraciətlər başlayıb.Bu gün ilk kitab kimi Reyhan Yusifqızının “Mavi don” əsərindən bir parça səsləndirilib. Kitabdan parçanı oxuyan 7-ci sinif şagirdi Asiman olub.