“Ruhumuzun riyazi nəğməsi”

08 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ruhumuzun riyazi nəğməsi” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbir məktəbin 8“A” sinif şagirdlərinin iştirakı və sinif rəhbərləri, eyni zamanda riyaziyyat müəllimləri Fatimə Hacıyevanın rəhbərliyi ilə həyata keçirilib.
Gecənin əsas məqsədi Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini şagirdlərə daha dərindən tanıtmaq, onun elmə və təhsilə verdiyi önəmi vurğulamaq olub. Tədbirdə riyaziyyat elminin estetikası və məntiqi gözəlliyi ədəbi nümunələrlə birləşdirilərək səhnələşdirilib, şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər və səhnəciklərlə çıxış ediblər.
Tədbirin bədii hissəsində riyazi terminlər və anlayışlar, Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqət fonunda poetik dillə ifadə olunaraq tamaşaçılara təqdim edilib. Şagirdlərin hazırladığı çıxışlar tamaşaçılarda dərin təəssürat yaradıb və böyük maraqla qarşılanıb.
Məktəb rəhbərliyi belə tədbirlərin şagirdlərin yaradıcı potensialının inkişafına, vətənpərvərlik ruhunun aşılanmasına və milli liderin ideyalarının yaşadılmasına xidmət etdiyini vurğulayıb.