Attestatların təqdimatı

20 iyun 2025- ci il tarixdə 96 nömrəli tam orta məktəbdə təntənəli və emosional anlarla yadda qalan bir mərasim baş tutub. Məktəbin XI sinif şagirdlərinə tam orta təhsil haqqında adi attestatların təqdimat mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, bu gün əldə olunan attestatlar yalnız bir mərhələnin başa çatmasını deyil, həm də həyatın yeni və daha məsuliyyətli bir mərhələsinin başlanğıcını simvolizə edir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və təşkilatçısı Nigar Süleymanova da məzunlara öz ürək sözlərini və təbriklərini çatdırıblar.
Daha sonra şagirdlərə təntənəli şəkildə adi attestatlar təqdim olunub. Hər bir attestatın təqdimatı zamanı alqışlar səslənib, şagirdlərin və valideynlərin sevinc və qürur hissləri üzlərindən oxunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, bu tədris ilində 96 nömrəli məktəbdən tam orta təhsil səviyyəsi üzrə 96 şagird məzun olub. Onlardan 8 nəfəri fərqlənmə, 88 nəfəri isə adi atrestatlarla məktəbi başa vurublar.