Son Zəng

2025-ci il iyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu 96 nömrəli tam orta məktəbdə məzunlar üçün ənənəvi “Son zəng” tədbiri keçirilib. Məktəbin həyətində təşkil olunan bayram tədbirində müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. Direktor çıxışında vurğulayıb ki, bu gün məzunlarımızın həyatında yeni bir mərhələnin başlanğıcıdır və onların hər biri 96 nömrəli məktəbin layiqli yetirməsi olaraq cəmiyyətə faydalı bir fərd kimi formalaşıb.
Tədbirdə iştirak edən qonaqlar da məzunlara öz ürək sözlərini və təbriklərini çatdırıblar.
“Son zəng” tədbirində valideynlər adından çıxış edən Aysel Orucova, həmçinin ibtidai sinif şagirdləri və məzunlar duyğulu çıxışlar edib, şeirlər, mahnılar və xoreoqrafik kompozisiyalarla tədbirə xüsusi rəng qatıblar.
Məktəbin ənənəsinə uyğun olaraq 11-ci sinif şagirdləri ilə 1-ci sinif şagirdləri arasında simvolik açar təhvil-təslimi baş tutub. Daha sonra “Son zəng”in sədaları altında məzunlar məktəb həyətindən vida yürüşü ediblər.
Tədbir rəsmi və bədii hissənin vəhdətində, yüksək bayram əhval-ruhiyyəsi ilə davam edib və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.