Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 38 sinif komplektində 940 nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan dilində tədris olunur. Dərslər 1 növbədə 5 günlük tədris həftəsi üzrə keçirilir. 96 nömrəli tam orta məktəb 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Məktəb 2012-ci ildə "Bakı və Qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən təmir edilmişdir. Məktəbdə 69 nəfər pedaqoji işçi çalışır. Son illərdə məktəbin məzunlarının uğurları inkişafa doğru irəliləmişdir. Belə ki, 2018-2019-cu tədris ilində məktəbi bitirmiş 45 məzundan 34 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 3 nəfəri 600-dən, 6 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 2019-2020-ci tədris ilində məktəbi bitirmiş 50 məzundan 32 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 1 nəfəri 600-dən , 3 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 2020-2021-ci tədris ilində məktəbi bitirmiş 55 məzundan 34 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 1 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məktəbin müəllimləri Təranə Möhsünova Eyublu, Sevda Əsgərli, psixoloq Sevinc Abdullayeva Qrand müsabiqə qalibləridir. Riyaziyyat müəllimi İsmət Həmzəyeva qabaqcıl təhsil işçisi, fizika müəllimi Sevda Əsgərli Əməkdar müəllim adı ilə təltif ediliblər. Əsgərli Sevda müəllimənin dərs dediyi şagirdlər fizika fənni üzrə hər il respublika olimpiadasında iştirak edir və qalib olurlar. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı şagirdlərimiz yüksək bilik nümayiş etdirdiyindən, eləcə də məzunların ali məktəblərə qəbulu faizi qənaətbəxş olduğundan məktəbimiz uğurları ilə fərqlənən təhsil müəssisələri sırasına daxil edilib. Buna görə də məktəbin, müəllimlərin peşəkarlıq səviyyəsi, uğurları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev tərəfindən Təşəkkürnamə ilə təltif edilib.