İlqar Məcid oğlu Əliyev 25 noyabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İlqar 96 №li məktəbdə 8-ci sinfi bitirdikdən sonra təhsilini 74 №li TPM-(indiki 12 Nli Peşə Liseyində) davam etdirmişdir. 1981-1983-cü illərdə O, çox cüssəli gənc olduğu üçün keçmiş DOSAF hərbi idman klubunun nəzdində təşkil olunmuş paraşütçü qruplarda hərbi- idmanın bu növü ilə məşğul olmuşdur.
Hərbi xidmətdə olarkən SSRİ-nin Hərbi Hava Qüvvələrinə aid bölmələrində (desantçı) xidmət etmişdir. Azərbaycana gələndə Qarabağ hadisələri bağlanmışdı. İlqar 1989-cu ildə bakılı könüllülərindən təşkil edilmiş özünümüdafiə dəstələrinin tərkibində Qarabağın Xocalı, Şuşa, Ağdam ərazisində gedən döyüşlərdə iştirak etmiş, eyni zamanda, o, Xocalı Hava limanının mühafizə hissəsində də xidmət etmişdir. Özünümüdafiə dəstələrindən sonra döyüş yolunu Xüsusi Təyinatlı Polis hərbi birləşmələrində davam etdirmişdir.
Onun döyüş yolu 1989-1992 ci illərdə Qarabağ bölgəsi və Goranboy rayonu ərazisində gedən döyüşlərdən keçmişdir. 06.06.1992-ci il Goranboy rayonunun Buzlaq kəndinin müdafiəsi zamanı həlak olmuşdur. 2 aprel 1993-cü il tarixli 168 nömrəli “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Bakıxanov qəsəbəsi 96№li tam orta məktəbə İlqar Əliyev adı verilmişdir.