“Ailə, ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici görüş

08 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnara Məmmədova 96 nömrəli tam orta məktəbdə olub. Onun iştirakı ilə məktəbdə valideyn və müəllim heyəti üçün “Ailə, ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi ailə institutunun cəmiyyət üçün önəmini vurğulamaq, sağlam ailə münasibətlərinin formalaşdırılması və ailə dəyərlərinin qorunub saxlanılması məsələlərinə diqqət çəkmək olub. Görüş zamanı Gülnara Məmmədova ailə modelinin cəmiyyətin inkişafında oynadığı roldan, valideyn məsuliyyətindən və gənc nəslin düzgün istiqamətləndirilməsində ailə-məktəb əməkdaşlığının əhəmiyyətindən bəhs edib.
Valideynlər və müəllimlər mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar verib və qarşılıqlı müzakirələrdə iştirak ediblər. Tədbir iştirakçıları ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi istiqamətində bu cür görüşlərin əhəmiyyətli olduğunu vurğulayıblar.
96 nömrəli məktəbin rəhbərliyi tədbirin təşkilinə və faydalı müzakirələrə görə Dövlət Komitəsinin nümayəndəsinə təşəkkür edib və belə maarifləndirici təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.