Müasir dərs. Müasir dərsə verilən əsas tələblər
17.12.2021-ci ildə ənənəyə uyğun olaraq, pedaqoji heyətin davamlı inkişafını, peşəkar təkmilləşməsini təmin etmək üçün məktəbimizin direktoru Mehriban Hacıyeva müəllimlər üçün “Müasir dərs. Müasir dərsə verilən ən vacib tələblər” mövzusunda növbəti metodik seminarı keçirib. Seminar Teams platforması üzəridən təşkil edilib. İki saat davam edən görüşdə müəllimlərə müasir dərs, onun mərhələləri, dərsin təşkili, dərsə verilən ümumi və xüsusi tələblər, deduktiv və induktiv dərs tipi, müasir dərslə ənənəvi dərsin oxşar və fərqli cəhətləri kimi mövzular ətrafında geniş məlumat verilib. Praktik nümunələr əsasında motivasiyanın qurulması, iş vərəqlərinin hazırlanması, tapşırıqların seçilməsi, problemin düzgün qoyuluşu, iş formalarının və üsullarının mövzuya, məqsədə uyğun müəyyən edilməsi kimi detallar izah edilib. Seminarda müəllimlər öz dərslərində istifadə etdikləri metodlardan, hazırladıqları maraqlı iş vərəqlərindən söz açıb, həmkarları ilə təcrübə mübadiləsi aparıb, onlara qaranlıq qalan nüansları müxtəlif məzmunlu suallar verərək, müəyyənləşdiriblər. Mehriban Hacıyeva pedaqoji heyəti təşəbbüskar olmağa, yeniliklərə açıq olmağa səsləyib. Gələcəklə ancaq novator olduğumuz və özümüzün davamlı peşəkar inkişafımızı hər zaman təmin etdiyimiz halda uzlaşmaq mümkün olacağını vurğulayıb.