12 Noyabr - Konstitusiya Günü

           Məktəb kitabxanasında 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tarix müəllimi Hüseynov Loğman, 8 "B" sinif şagirdləri və kitabxanaçıların iştirakı ilə dəyirmi masa keçirildi. Kitabxanaçıların qanunlarımız haqqında çıxışları şagirdlərin marağına səbəb oldu. Tarix müəllimi Dövlətimizin Konstitusiyası - əsas qanunu haqqında geniş məlumat verərək dedi: “1993 - cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyimizin qorunması üçün dövlətimizin Əsas Qanunu-Konstitusiyanın yaranması vacibliyi gündəmə gəldi. Hamının qanuna tabe olmasına nail olmaq, ölkəmizin qanunlar əsasında idarə olunmasını təmin etmək üçün ölkəmizdə belə bir qanunun - Konstitusiyanın hazırlanmasına başlandı. Birinci Konstitusiyanın layihəsi hazırlandı.     

           Konstitusiyanın layihəsi bütün xalqımızın müzakirəsinə verildi. Konstitusiyanın layihəsinə xeyli düzəliş və əlavələr   edildi. Nəhayət Konstitusiyamız 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu. O gündən başlayaraq xalqımız hər il bu günü “Konstitusiya Günü” kimi bayram edir. Müstəqil Azərbaycanımızın Konstitusiyası dünyanın ən ədalətli qanunlarından biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkədə milli qanunvericiliyin yaradılması üçün əsas oldu. Məhz Konstitusiya əsas siyasi - hüquqi sənəd olaraq ölkənin siyasi və sosial sistemlərinin yeniləşməsinə yol açır. Konstitusiyanın qəbul edilməsi milli dövlətçililiyin inkişafında atılan mühüm addımlardan biridir. Konstitusiyanın böyük bir fəsli insan hüquqlarına həsr edilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni vətəndaş cəmiyyəti və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətini götürmüşdür. Konstitusiyada insan və vətəndaş hüquqlarının, arzularının təmin edilməsi dövlətin ali məqsədi kimi elan olunub. Hər kəsin öz vəzifələrini onun öz hüquqlarını daha  geniş şəkildə həyata keçirməsi hər bir dövlətdə demokratiyanın və vətəndaş cəmiyyətinin  möhkəmlənməsinə xidmət edir. Konstitusiyamız dilindən, dinindən, irqindən, milliyətindən, əqidəsindən, cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verir. Konstitusiyamıza əsasən, ana dilimiz - Azərbaycan dili ölkəmizin dövlət dili oldu. Vətənimizin, xalqımızın, dilimizin, dövlətimizin adındakı müqəddəs “Azərbaycan” sözü  Konstitusiyamız vasitəsi ilə əbədiləşdirildi.”

Daha sonra şagirdlər öz hüquqlarından və vəzifələrindən, qanunlara riayət etməklə respublikamızın daha da inkişaf etməsindən və möhkəmlənməsindən söhbət açdılar

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi