“Sağlam qidalanmanın faydaları” mövzusunda maarifləndirici tədbir

Məktəbin akt zalında Səhiyyə Nazirliyinin əməkdaşları Xanım İsmayılova və Elnarə Nuriyevanın təqdimatında 5-6-cı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib. “Sağlam qidalanmanın faydaları” mövzusunda təşkil olunan tədbirdə şagirdlər düzgün və balanslı qidalanmanın əhəmiyyəti, fast food-un zərərləri, su içməyin vacibliyi və gün ərzində qəbul ediləcək əsas qida qrupları haqqında ətraflı məlumatlandırılıblar.
Tədbirin əsas məqsədi şagirdlərdə sağlam həyat tərzinə maraq yaratmaq və onların düzgün qidalanma vərdişlərini formalaşdırmaq olub. Təqdimatlar interaktiv sual-cavab formatında aparılıb, şagirdlərin mövzuya marağı və fəallığı tədbirin səmərəli keçməsinə səbəb olub.