Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd olunub

Məktəbin müəllimləri Ofeliya Cəfərova, İrina Beydiyeva və İrina Həsənovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə məktəbdə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Aparıcılar Suverenlik Gününün tarixi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın azadlıq arzularının reallaşması, milli dövlətçiliyimizin bərpası demək idi.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Slayd vasitəsilə Azərbaycanın müstəqillik yolunu əks etdirən fotolar nümayiş olunub.
Çıxış edən müəllimlər və şagirdlər vurğulayıblar ki, suveren dövlətimizin əldə etdiyi uğurlar və qazanılan qələbələr Azərbaycanın azadlıq yolunda şəhid olmuş oğul və qızlarımızın müqəddəs qanı bahasına başa gəlib.
Sonda tədbir iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə çıxış edərək Azərbaycanın suverenliyinin daim qorunacağına inamlarını ifadə ediblər.