Milli Mənəvi dəyərlərimizi yaşadaq

Hər bir xalqın, millətin fərqli özünəməxsus mənəvi dəyərlər sistemi mövcuddur. Yəni hər millətin öz dili, folkloru, mədəniyyət abidələri, ədəbiyyat və incəsənəti, musiqisi, elmi, düşüncə tərzi, adət-ənənələri, özünəməxsus ailə-məişət tərzi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülərək, onun milli kimliyini müəyyən edən başlıca amilə çevrilib. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır.
Milli-mənəvi dəyərlərimizə şagirdlərin gözü ilə baxmaq üçün 6 "B" sinfində “Dəyərlərimizi yaşadaq” adlı təşkilat saatı keçirilib. Xalq musiqisindən, milli mətbəximizdən, geyimlərimizdən, qədim musiqi alətlərimizdən, el şənlikləri və toylarımızdan söhbət açan şagirdlər maraqlı slaydları və məruzələri ilə diqqəti özlərinə çəkə biliblər. Onlar qürurla bildiriblər ki, biz təkcə bu dəyərləri qorumuş olmuruq, biz hər şeydən əvvəl ailə, insanlıq şərəfimizi, övladlarımızın gələcəyini, analarımızn namusunu, atalarımızın qeyrətini, qızlarımızın iffətini, oğullarımızın adını, bir sözlə, öz dəyərimizi, kimliyimizi qorumuş, hörmət etmiş, göz üstündə saxlamış oluruq.