Məktəbdə “Narkomaniyaya yox deyək!” mözusunda maarifləndirici tədbir keçirilib

Məktəbdə Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev və idarənin əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyıb. Bildirilib ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində məktəbin rolunu qeyd edərək, bu maarifləndirici tədbirin əhəmiyyətini vurğulayıb. Bu ortaq fəaliyyəti narkomaniya əleyhinə həyata keçirilən müvafiq dövlət proqramlarının icrasına töhfə kimi dəyərləndirərək sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin önəmini qeyd edib. Görüşdə Nəsimi Rayon Polis İdarəsinin məsul şəxsləri respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açıblar, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.