“Qarabağım al -əlvandır, Hər tərəfdə xarıbülbül”

Ulu öndər Heydər Əliyev vətənpərvəlik hisslərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvəlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Biz bu sözü tez-tez işlədirik vətənpərvərlik məktəbdən başlanır. Hər dəfə vətənə layiqli övlad kəlməsi səslənərkən ilk növbədə gözlərimizin önündə təhsil aldığımız məkan-doğma məktəb gəlir. Məktəbimizdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Bu tədbirlər şagirdlərdə doğma vətənə, torpağa olan məhəbbəti birə-beş artırır, onların qəhrəmanlıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Hər keçirilən tədbir şagirdlərimiz üçün bir Vətən dərsidir. Məktəbdə vətənpərvəlik hissi ilə formalaşdırılan həmin şagirdlər 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir. Məktəbimizin müəllimləri Sevinc Məcidovanın, Bacıxanım Əliyevanın rəhbərliyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı teatrında “Qarabağım al-əlvandır, Hər tərəfdə xarıbülbül” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan etdiyi videoçarx nümayiş olunub. Cənab prezidentimizin “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” çıxışını iştirakçılar ayaq üstündə alqışlayıblar.
Tədbirdə Nəsimi rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov, İcra hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva və Bakı Şəhər üzrə Təhsil İdarəsinin müavini Hüseyn Əsgərov və idarənin işçiləri, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər iştirak ediblər. Tədbirdə şagirdlər Ağa bəyim ağa Xurşid banu Natəvan obrazlarını böyük ustalıqla ifa ediblər. Səməd Vurğunun “Vaqif” dramından Şah Qacar, Vaqif obrazlarını məharətlə yaradıblar. Rəngarəng rəqslər, gözəl ifalar, dogma Qarabağmızın simvolu xarıbülbül dillərdə, könüllərdə məskən qurub. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova dogma, ata-baba yurdu Şuşa haqqında qürurla danışıb. Kəmalə xanım çıxışında bildirib ki, bu gün hamımız bilirik ki, "Qarabağın döyünən ürəyi", "Musiqi və incəsənət beşiyi" və "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan əsgərinin böyük şücaəti, müzəffər ordumuzun cəsarəti nəticəsinə olub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında bu qüruru bizə yaşadan şəhidləri ehtiramla yad edib. Şəhid valideynlərinə hörmət və ehtiramını bildirib. Qazilərimizə Allahdan can sağlığı diləyib. Müzəffər Ali baş komandanımız İlham Əliyev cənablarının qalibiyyətindən böyük qürurla söz açıb. Bu möhtəşəm tədbirin iştirakçılarını təbrik edib, vətənpərvər şagirdləri alqışlayıb. Asif müəllim çıxışında bildirib ki, nə xoş ki, indi üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, nəhayət, alınmaz qala hesab edilən Şuşada dalğalanır. Bu, həm də o anlama gəlir ki, Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirələri bizim zəfər yaddaşımızdır.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müavini Hüseyn Əsgərov müzəffər Azərbaycan ordusunun qəhrəmanlıq əzmindən, vətənpərvərliyindən danışıb. İkinci Qarabağ müharibəsində tarix yazan müzəffər ordumuzun şücaəti, qəhrəman oğulların rəşadəti keçirilən Vətən dərslərinin bizim üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.
Tədbir “Yaşa Azərbaycan !” musiqisinin sədaları ilə sona çatıb.
İndi Şuşa öz elatını öz daşında, qayasında, cığırlarında görməkdən çox məmnundur. Bu məmnunluqdan doğan fədakarlıqla 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər torpağımızın üzərinə "Qarabağ Azərbaycandır!" möhürünü vurub.