Zərərli vərdişlərdən özümüzü və dostlarımızı qoruyaq

Məktəbin 8"B" sinfinin rəhbəri Zenfira Abdullayevanın təşkilatçılığı ilə sinifdə “Zərərli vərdişlərdən özümüzü və dostlarımızı qoruyaq” mövzusunda dəyirmi masa keçirilib. Müəllim bildirib ki, son vaxtlar uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin uşaqları bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir. Tədbirdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.