Oxumaq inkişafa açılan qapıdır

Uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara cəmiyyətdə daim hörmət və ehtiram bəslənilib, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab olunublar. Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbirlər ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Bununla əlaqədar şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, məktəbimizdə şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər, o cümlədən, mütaliə aylıqları, ədəbi-bədii gecələr, həmçinin “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil olunub.
Belə tədbirlərdən biri də bu gün 7"B" sinif şagirdləri ilə məktəbimizin kitabxanasında keçirilən “Oxumaq inkişafa açılan qapıdır” adlı dəyirmi masa olub. Tədbiri məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi H.V.Bəşirova açaraq aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev) həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlar verib, dəhlizdə “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxıldığını fərəhlə qeyd edib. Sonra şagirdlər seçmə yolla oxuduqları bədii əsərlərin müzakirəsini təşkil ediblər.
Tədbirin sonunda kitabxanaçılar C. Bayramova və T. Müslümova məktəbimizdə artıq bir neçə ildir ki, aprel ayında kütləvi “Oxu günü” keçirildiyini və bu tədbirləri həyata keçirməkdə məqsədimizin yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsi olduğunu qeyd ediblər.