Kosmonavtika gününə həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbin fizika müəllimi Alidə Abbasovanın təşkilatçılığı ilə 12 aprel Kosmonavtika Gününə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə məktəbin 11"Ç", 11"D" sinif şagirdləri təqdimatlarla çıxış ediblər. Şagirdlər təqdimatlarında bildiriblər ki, 1961-ci il aprel ayının 12-də ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Həmin tarixdən 1962-ci il 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu günün bir çox ölkələr tərəfindən qeyd olunduğunu bildiriblər. Şagirdlər eyni zamanda kosmonavtikanın baniləri arasında azərbaycanlı alim Kərim Kərimovun da adının olduğunu deyiblər. Kərim Kərimovun daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Şagirdlər təqdimatlarla yanaşı sərgi də hazırlayıblar. Sərgidə Günəş sisteminin modeli, raket maketləri nümayiş olunub.