Metodik Şuranın onlayn iclası

14 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Metodik Şuranın növbəti iclası Microsoft Teams platforması üzərindən distant formatda təşkil olunub.
İclasın gündəliyində məktəbin tədris və metodik fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib.
Məktəb direktoru Mehriban Hacıyeva iclası açaraq, Məktəbdaxili Müəllim Qiymətləndirməsi prosesinin aprel ayına dair nəticələrini pedaqoji heyətlə bölüşüb, müəllimlərin göstəricilərinin ümumi təhlilini aparıb.
Daha sonra direktor tərəfindən 2025–2026-cı tədris ili üçün planlaşdırılmış dərs bölgüsünün ilkin versiyası təqdim olunub və təkliflər əsasında müzakirələr aparılıb.
İclasın növbəti hissəsində təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova çıxış edərək IV və VI sinif şagirdləri üçün MÜTDA tərəfindən aparılacaq monitorinqə dair təlimat və hazırlıq vəziyyəti barədə məlumat verib. O, eyni zamanda buraxılış sinifləri üçün BSQ-lərin təşkili və qrafikinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə də çıxış edib.
Qiymətləndirmə komissiyasının sədri Nəsibə Məmmədova və komissiyanın üzvü Şəlalə Səmədova məktəbdaxili qiymətləndirmə zamanı müşahidə olunan zəif metodik bacarıqlar və bu sahədə inkişaf üçün tövsiyələrini iştirakçılarla paylaşıblar.
Təşkilat işləri üzrə direktor müavini Nigar Süleymanova tərəfindən isə sinif təşkilat saatlarının keçirilməsi və müəllim növbətçiliyinin təşkili ilə bağlı mövcud vəziyyət dəyərləndirilib.
İclasın sonunda məktəb direktoru Mehriban Hacıyeva 25 aprel 2025-ci il tarixində MÜTDA tərəfindən məktəbdə keçirilmiş monitorinqin nəticələrini açıqlayıb və bu nəticələrin gələcək fəaliyyətə istiqamət verəcəyini vurğulayıb.