Qohumlar arasında nikah və onların fəsadları

02 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə reproduktiv sağlamlıq çərçivəsində şagirdlərin maarifləndirilməsi məqsədilə 9-cu siniflər üçün “Qohumlar arasında nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi yeniyetmələrə erkən yaşlardan etibarlı tibbi biliklər aşılamaq, genetik risk faktorları barədə məlumat vermək və onların ailə quruculuğuna dair düzgün düşüncə formalaşdırmasına dəstək olmaq olub. Tədbir zamanı qohumlar arasında qurulan nikahların genetik və tibbi nəticələri, irsi xəstəliklərin yaranma ehtimalı və bu kimi halların gələcək nəsillərə təsiri haqqında ətraflı məlumat verilib.
Məşğələlər qızlar və oğlanlar üçün ayrı-ayrılıqda təşkil olunub. Qız şagirdlərlə görüş psixoloq Sevinc Abdullayeva və biologiya müəllimi Afaq Əhmədova, oğlan şagirdlərlə isə təşkilatçı müəllim Nigar Süleymanova tərəfindən aparılıb. Bu yanaşma şagirdlərin mövzuya daha açıq və rahat şəkildə yanaşmasını təmin edib.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, sağlam ailə modelinə dair fikir mübadiləsi aparılıb və yeniyetmələrə düzgün seçim etməyin gələcək həyatlarına təsiri izah olunub.
Belə maarifləndirici görüşlər məktəbdə təkcə biliklərin verilməsi ilə deyil, eyni zamanda həyat üçün vacib sosial və tibbi anlayışların formalaşdırılması baxımından mühüm rol oynayır.