Qobustana maarifləndirici səfər

27 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 5”B” sinif şagirdləri sinif rəhbəri Şəbnəm Rəhimovanın təşkilatçılığı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və Qobustan Palçıq Vulkanlarına maarifləndirici ekskursiya ediblər. Təbiət və tarixlə birbaşa təmasda olmaq şagirdlərə həm unudulmaz təcrübə qazandırıb, həm də dərsdə öyrəndikləri bilikləri real mühitdə müşahidə etməyə imkan verib.
Ekskursiya zamanı şagirdlər qədim qayaüstü rəsmləri yerindəcə izləyərək Azərbaycanın zəngin mədəni-tarixi irsi ilə tanış olublar. Qoruq bələdçilərinin verdiyi məlumatlar uşaqlarda tarixə, qədim yaşayış yerlərinə marağı daha da artırıb. Daha sonra şagirdlər Qobustan ərazisində yerləşən palçıq vulkanlarını ziyarət edərək bu təbii fenomenin yaranma prosesi və xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar.
Ekskursiyanın məqsədi tədris proqramını təcrübə ilə zənginləşdirmək, təbiətə və tarixə marağı artırmaq, şagirdlərdə müşahidə və araşdırma bacarıqlarını inkişaf etdirmək olub. Gəzinti şagirdlər tərəfindən böyük maraq və həvəs ilə qarşılanıb.
Belə maarifləndirici ekskursiyalar şagirdlərin dərs prosesinə motivasiyasını artırmaqla yanaşı, onların dünyagörüşünü genişləndirərək vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rol oynayır.