Valideynlərlə maarifləndirici dəyirmi masa

23 aprel 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbin akt zalında “Məktəb övladımıza nə verir?” mövzusunda maarifləndirici dəyirmi masa təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və 50-yə yaxın valideynin iştirakı təmin olunub.
Tədbiri məktəbin direktoru Mehriban Hacıyeva açaraq, müasir təhsilin əsas məqsədlərindən, məktəb-valideyn-şagird əməkdaşlığının əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu cür görüşlər valideynlərin təhsildə daha fəal iştirakına, məktəbə olan inamın möhkəmlənməsinə və şagirdlərin inkişafına təkan verir.
Daha sonra məktəbin direktor müavini Mahirə Rüstəmova və təşkilatçı müavin Nigar Süleymanova çıxış edərək məktəbdə həyata keçirilən tərbiyəvi layihələr, şagirdlərin sosial bacarıqlarının formalaşdırılması və ailə-məktəb əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Məktəbin psixoloqu Sevinc Abdullayeva isə “Uşaq psixologiyasında məktəb və ailənin rolu” mövzusunda çıxış edərək, valideynlərə faydalı tövsiyələr verib və sualları cavablandırıb.
Dəyirmi masa çərçivəsində valideynlər övladlarının məktəbdəki təlim-tərbiyə prosesi, fənn bilikləri, sosial bacarıqları və davranışları ilə bağlı fikir və təkliflərini bölüşüblər. Səmimi və interaktiv mühitdə keçən tədbir qarşılıqlı dialoqun güclənməsi və valideynlərin məktəblə daha sıx əməkdaşlıq etməsi baxımından olduqca faydalı olub.
Tədbirin sonunda valideynlər bu kimi maarifləndirici görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb və məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər.