Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib

11 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əminə Alməmmədova ilə maarifləndirici görüş keçirilib. Görüşdə məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əsas mövzusu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, bu kontekstdə Konstitusiyamızın hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu, eləcə də 15 Aprel – Ekoloji Bilik Günü ilə bağlı maarifləndirmə olub.
Əminə Alməmmədova çıxışında ətraf mühitin mühafizəsi ilə bağlı aktual problemlərə, xüsusilə də plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinə diqqət çəkib. O, bu tip tullantıların təbiətdə uzun müddət qalaraq torpağın, suyun və havanın çirklənməsinə səbəb olduğunu vurğulayıb. Eyni zamanda, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti barədə məlumat verilib və bu istiqamətdə şagirdlərə praktiki nümunələr göstərilib.
Tədbirin məqsədi şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, konstitusiya və suverenlik dəyərlərinə hörmət hissinin artırılması, eləcə də ekoloji məsuliyyətin təbliği olub.
Sonda iştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.