Texnologiya Fənnindən Maraqlı Açıq Dərs: “Balığın İsti Emalı və Balıq Yeməkləri”

04 aprel 2025-ci il tarixində məktəbimizin 7 “B” sinfində texnologiya fənni üzrə maraqlı və maarifləndirici açıq dərs keçirilib. Dərs məktəbin texnologiya müəllimi Rəna Cəfərova tərəfindən aparılıb və dərsdə digər texnologiya müəllimi Elnarə Babayeva da dinləyici qismində iştirak edib.
Açıq dərsin mövzusu “Balığın isti emalı. Balıq yeməkləri” olub. Dərs zamanı şagirdlərə balığın sağlamlıq üçün əhəmiyyəti, onun müxtəlif emal üsulları (qaynatma, buğda bişirmə, qızartma və sobada bişirmə) haqqında ətraflı məlumat verilib. Rəna müəllimə şagirdlərə balığın qida dəyəri və düzgün bişməsi barədə məsləhətlər verib. Dərs interaktiv şəkildə təşkil olunub və şagirdlərin fəal iştirakı ilə yadda qalıb. Onlar balığın təmizlənməsi, marinadlanması və bişirilməsi prosesləri haqqında suallar veriblər, öz biliklərini paylaşıblar və qrup işi zamanı real yemək reseptlərini müzakirə ediblər.
Dərs zamanı həmçinin qidalanmada gigiyena qaydalarının önəmi vurğulanıb, balıqdan düzgün istifadə etməklə sağlam həyat tərzinin təşviqinə toxunulub. Rəna Cəfərova tədris prosesində vizual materiallardan, videoçarxlardan və praktik nümunələrdən istifadə edərək mövzunu daha da canlandırıb.
Texnologiya müəllimi Elnarə Babayeva dərsi izlədikdən sonra Rəna müəllimənin peşəkarlığını, dərsin məqsədinə uyğun şəkildə qurulmasını və şagirdlərə praktiki biliklərin aşılanmasını yüksək qiymətləndirib.
Bu cür dərslər şagirdlərin həm texnoloji bacarıqlarını, həm də gündəlik həyatda istifadə edə biləcəkləri praktik vərdişləri inkişaf etdirməyə yönəlmişdir. Məktəbin rəhbərliyi və pedaqoji heyəti bu kimi təşəbbüsləri hər zaman dəstəkləyir və gələcəkdə də interaktiv açıq dərslərin davamlı olmasını təşviq edir.