Məktəbimizdə bayram coşqusu-Torpaq çərşənbəsi

18 mart 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbin 2 “A”, 2 “B” və 3 “C” siniflərində Novruz bayramının ən mühüm günlərindən biri olan ilaxır çərşənbə- Torpaq Çərşənbəsi münasibətilə maraqlı və yaddaqalan tədbir keçirilib. Məktəbin şagirdləri, müəllimləri və valideynlərinin iştirakı ilə baş tutan bu tədbir Novruz ənənələrinin yaşadılması və yeni nəslə aşılanması məqsədini daşıyıb. Tədbir məktəbin foye və sinif otaqlarında təşkil olunub. Məktəb rəhbərliyi və müəllim kollektivi tədbir iştirakçılarını səmimi şəkildə salamladıqdan sonra, Torpaq Çərşənbəsinin mahiyyəti və Novruz bayramındakı rolu haqqında geniş məlumat verilib. Müəllimlər şagirdlərə bu günün təbiətlə, məhsuldarlıqla, bolluq və bərəkətlə bağlı olduğunu izah ediblər.

Daha sonra şagirdlər Torpaq Çərşənbəsinə həsr olunmuş şeirlər səsləndiriblər və Novruz bayramı ilə bağlı səhnəciklər nümayiş etdiriblər. Tədbirin ən maraqlı hissələrindən biri isə Novruzun əsas rəmzlərindən olan səməni, boyanmış yumurtalar və milli şirniyyatlarla bəzədilmiş süfrənin təqdimatı olub. Şagirdlər siniflərində bərəkət rəmzi kimi səməni becərib, onu tədbir zamanı təqdim ediblər.

Bundan əlavə, şagirdlər üçün ənənəvi oyunlar və müsabiqələr təşkil olunub. “Yumurta döyüşdürmə”, “Xonça hazırlama” və “Ən gözəl səməni bəzəyi” adlı yarışlar uşaqların böyük marağına səbəb olub. Qaliblərə isə məktəb rəhbərliyi tərəfindən kiçik hədiyyələr təqdim edilib.

Tədbirin təşkilatçıları olan sinif müəllimləri Novruz bayramının uşaqların mənəvi dəyərlərini inkişaf etdirməsi və milli-mənəvi irsin yaşadılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Valideynlər də öz növbəsində belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, şagirdlərin milli dəyərləri dərindən mənimsəməsinə müsbət təsir etdiyini bildiriblər.

Tədbir şagirdlərin birgə oxuduğu “Gəl, ey Novruz!” mahnısı və alqışlarla yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi