CEREBRY layihəsi çərçivəsində Təbiət fənnindən KSQ

19 mart 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə IX və X sinif şagirdləri üçün CEREBRY layihəsi əsasında Təbiət fənnindən Kiçik Summativ Qiymətləndirmə (KSQ) təşkil olunub.
kSQ-nin məhz BŞTİ tərəfindən göndərilmiş suallar əsasında keçirilməsində əsas məqsəd şagirdlərin biologiya, kimya və fizika fənlərindən Cerebry formatında əldə edilmiş bilik və bacarıqlarını yoxlamaq, onların analitik və tənqidi düşünmə qabiliyyətlərinin fənnin tədrisi başlayandan cari tarixədək olan müddət ərzində irəliləyiş dinamikasını ölçmək olub. CEREBRY layihəsi əsasında təşkil edilən bu qiymətləndirmə müasir pedaqoji yanaşmalar və innovativ metodlar əsasında aparılıb. Qiymətləndirmədə şagirdlərə test və açıq suallar təqdim olunub. Suallar təkcə nəzəri bilikləri yox, eyni zamanda təcrübə və müşahidə bacarıqlarını da əhatə edib. Şagirdlər verilən tapşırıqları həll edərək müxtəlif məntiqi çıxarışlar edib, elmi faktları analiz edərək nəticələr çıxarıblar.
Təbiət fənləri üzrə keçirilən bu qiymətləndirmə şagirdlərin STEAM yanaşmasına (elm, texnologiya, mühəndislik və riyaziyyatın inteqrasiyası) marağını artırmağa və onları daha yaradıcı düşünməyə təşviq etməyə yönəlib.