VIII və IX sinif şagirdləri üçün seminar

Gənc nəslin sağlam həyat tərzi barədə maarifləndirilməsi, onların təhlükəli vərdişlərdən uzaq durması və sağlamlıqlarına dəyər verməsi müasir təhsil sistemində vacib istiqamətlərdən biridir. Bu məqsədlə 13 mart 2025-ci il tarixində 96 nömrəli məktəbdə psixoloq Sevinc Abdullayeva tərəfindən 8-ci və 9-cu sinif şagirdləri üçün xüsusi seminarlar təşkil edilib.
Seminarlar gender xüsusiyyətləri nəzərə alınaraq, oğlanlar və qızlar üçün ayrı-ayrılıqda keçirilib. Bu yanaşma, şagirdlərin daha açıq və rahat şəkildə iştirak etmələrinə, suallarını sərbəst vermələrinə və müzakirələrə qatılmalarına imkan yaradıb.
8-ci sinif şagirdləri üçün seminar mövzusu “Zərərli vərdişlər: Siqaret çəkmək” olub. Seminar zamanı Sevinc Abdullayeva siqaret çəkməyin insan sağlamlığına, sosial həyatına və psixoloji vəziyyətinə mənfi təsirlərindən bəhs edib. O, siqaretin tərkibində olan zərərli maddələrin orqanizmə vurduğu zərərləri izah edərək, tənəffüs yolları xəstəlikləri, ürək-damar sistemi problemləri və digər ciddi fəsadlardan danışıb.
Psixoloq şagirdlərə siqaretin yalnız fiziki deyil, psixoloji asılılıq yaratdığını və bunun insanların sosial həyatına da təsir etdiyini izah edib. Xüsusilə gənclər arasında siqaret çəkməyin moda və ya nüfuz qazanmaq vasitəsi kimi qəbul edilməsinin yanlış olduğu vurğulanıb. Bundan əlavə, passiv siqaret çəkmənin də ətrafdakılara zərər verdiyi və sağlamlıq üçün ciddi təhlükə yaratdığı qeyd edilib.
Seminar boyu interaktiv müzakirələr aparılıb, şagirdlər öz fikirlərini bölüşüb və siqaret çəkməklə bağlı onları maraqlandıran suallara cavab alıblar.
9-cu sinif şagirdləri üçün seminar mövzusu “Reproduktiv sağlamlıq nədir?” olub. 9-cu siniflər üçün təşkil edilən seminarın əsas məqsədi şagirdlərə reproduktiv sağlamlıq anlayışını izah etmək və bu mövzuda maarifləndirmə aparmaq olub. Qızlar və oğlanlar üçün ayrı-ayrılıqda keçirilən seminarda Sevinc Abdullayeva bu mövzunun hər bir insan üçün vacibliyindən danışıb.
Seminar zamanı yeniyetmələrin reproduktiv sağlamlığını qorumağın yolları, şəxsi gigiyena qaydaları, sağlam həyat tərzinin önəmi və cinsi yetkinlik dövründə qarşılaşdıqları problemlər barədə ətraflı məlumat verilib. Qızlar və oğlanlar üçün fərqli aspektlər nəzərə alınaraq təşkil edilən seminarlar zamanı psixoloq şagirdlərin bu mövzuda maariflənməsinin onların gələcək sağlamlıqları üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Şagirdlər seminar zamanı mövzu ilə bağlı suallar verib, müxtəlif məqamlara dair müzakirələr aparılıb. Tədbirin sonunda psixoloq yeniyetmələrə düzgün qərarlar vermək və sağlam vərdişlər formalaşdırmaq üçün daim bilikli və məlumatlı olmağın vacibliyini qeyd edib.
96 nömrəli məktəbdə keçirilən bu maarifləndirici seminarlar şagirdlərin sağlam həyat tərzi, zərərli vərdişlər və reproduktiv sağlamlıq mövzusunda məlumatlılığını artırıb. Bu kimi tədbirlər gənclərin öz sağlamlıqlarına daha şüurlu yanaşmalarına və gələcəkdə düzgün seçimlər etmələrinə kömək edir. Məktəbin psixoloqu Sevinc Abdullayevanın təşkil etdiyi seminarlar şagirdlər tərəfindən maraqla qarşılanıb və onların fəal iştirakı ilə keçib.