“İdman və ruhi sağlamlıq” mövzusunda maarifləndirici görüş

İdman Həftəsi çərçivəsində 07 mart 2025-ci il tarixində məktəbimizdə 7-ci sinif şagirdləri ilə “İdman və ruhi sağlamlıq” adlı maarifləndirici görüş keçirilb. Görüş məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən təşkil olunaraq idmanın insan psixologiyasına və ruhi sağlamlığa müsbət təsiri haqqında ətraflı məlumat verilib.
Görüş zamanı şagirdlərə idmanın stressin azaldılması, özgüvənin artırılması, diqqət və yaddaşın gücləndirilməsi, həmçinin emosional tarazlığın qorunması kimi bir çox faydaları barədə danışılıb. Müzakirələr zamanı idmanın depressiya və narahatlıq hallarını azaltdığı, motivasiyanı artırdığı və sosial bacarıqların inkişafına kömək etdiyi vurğulanıb.
Psixoloq Sevinc Abdullayeva idman və beyin arasındakı əlaqə barədə də məlumat verərək fiziki aktivliyin beyində xoşbəxtlik hormonları (endorfin, serotonin və dopamin) ifrazını artırdığını, bunun isə insanın əhval-ruhiyyəsinə və psixoloji rahatlığına müsbət təsir etdiyini bildirib.
Şagirdlər görüşə böyük maraq göstərərək idmanın psixoloji sağlamlığa necə təsir etdiyini və bu sahədə qarşılaşdıqları problemləri müzakirə ediblər. Tədbirin interaktiv formatda keçməsi şagirdlərin mövzuya daha yaxından yanaşmasına və suallarını rahat şəkildə ünvanlamasına şərait yaradıb.
Bu maarifləndirici görüş idmanın yalnız fiziki sağlamlıq üçün deyil, həm də psixi sağlamlıq üçün mühüm rol oynadığını bir daha vurğulayıb. Şagirdlər idmanın həyat keyfiyyətini artıran vacib bir amil olduğunu dərk edərək, sağlam və aktiv həyat tərzini seçməyə təşviq ediliblər.
Məktəb rəhbərliyi və psixoloq Sevinc Abdullayeva gələcəkdə də bu cür maarifləndirici tədbirlərin təşkil olunacağını qeyd edərək şagirdlərin həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasının prioritet məsələ olduğunu bildirib. Bu görüş şagirdlər üçün motivasiyaedici və faydalı bir təcrübə olub.