Olimpiya oyunları uşaqların gözü ilə

İdman yalnız fiziki gücü inkişaf etdirmək deyil, eyni zamanda dözümlülük, komanda ruhu və sağlam həyat tərzi aşılamaq deməkdir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmrinə əsasən, 4-10 mart tarixlərində ölkə üzrə ümumi təhsil müəssisələrində İdman Həftəsi təşkil olunur. Həftə çərçivəsində məktəbimizdə də müxtəlif idman tədbirləri həyata keçirilir. Bu tədbirlərin ən maraqlı və yaradıcılarından biri isə 05.03.2025-ci il tarixində IV sinif şagirdləri arasında keçirilən “Olimpiya oyunları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi olub.
Müsabiqənin əsas məqsədi şagirdlərin Olimpiya dəyərlərini daha yaxından tanıması, onların idmana olan marağının artırılması və yaradıcı düşüncələrinin inkişaf etdirilməsi idi. Rəsm müsabiqəsində IV sinif şagirdləri öz təsəvvürlərini, idmana olan sevgilərini və Olimpiya oyunlarını necə gördüklərini fırçaları və rənglər vasitəsilə ifadə ediblər.
Şagirdlərin təqdim etdiyi rəsmlər Olimpiya oyunlarının müxtəlif aspektlərini əks etdirib. Bəzi rəsmlərdə məşhur idman növləri – qaçış, üzgüçülük, gimnastika və futbol kimi sahələr canlandırılıb. Digər rəsmlərdə isə idmançılar arasındakı dostluq, birgə mübarizə və əzmkarlıq kimi motivlər ön plana çəkilib. Xüsusilə, Olimpiya məşəli və beş halqalı Olimpiya simvolu bir çox rəsmdə yer alıb ki, bu da şagirdlərin oyunların rəmzi mənasına olan diqqətini göstərib.
Bu müsabiqə təkcə rəsm yarışması deyil, həm də uşaqların idman və sağlam həyat tərzi haqqında düşüncələrini formalaşdıran bir fəaliyyət olub. Şagirdlər arasında sağlam rəqabət mühiti yaradılıb, hər biri öz bacarığını sərbəst şəkildə ifadə etməyə çalışıb. Rəsmlərdə yalnız idman hərəkətləri deyil, həm də Olimpiya oyunlarının ruhu – ədalət, dostluq və sülh kimi ali dəyərlər öz əksini tapıb.
Sonda münsiflər heyəti şagirdlərin rəsmlərini qiymətləndirərək ən yaxşı işləri seçib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Ən əsası isə, bu müsabiqə uşaqlarda idmana sevgi aşılayıb, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirib və Olimpiya ruhunu yaşadıb.
Belə tədbirlər məktəblərdə yalnız fiziki sağlamlığı deyil, həm də mənəvi dəyərləri və yaradıcı düşüncəni inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır. İdman Həftəsi çərçivəsində keçirilən bu müsabiqə bir daha göstərib ki, uşaqların gözündə Olimpiya oyunları təkcə yarış deyil, həm də sülh, dostluq və birlik rəmzidir.