“Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda esse

Elm və Təhsil Nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri əsasında 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində İdman Həftəsi təşkil edilib. Bu həftə çərçivəsində məktəbimizdə müxtəlif idman tədbirləri həyata keçirilib və şagirdlərin fiziki aktivliyə marağını artırmaq məqsədilə müxtəlif yarışlar, seminarlar və müsabiqələr təşkil olunub.
Bu tədbirlərdən biri də 10 mart 2025-ci il tarixində VI sinif şagirdləri arasında keçirilən “Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” adlı esse yazı müsabiqəsi olub. Müsabiqənin əsas məqsədi şagirdlərdə sağlam həyat tərzinə marağı artırmaq, onların idmanın insan həyatındakı rolunu anlamaqlarına kömək etmək və mübarizlik, iradə və sağlamlıq kimi dəyərləri ön plana çəkmək olub.
Esse müsabiqəsi məktəbimizin Ana dili müəllimi Məsumə Cavadova və təşkilatçısı Nigar Süleymanova tərəfindən təşkil edilib. Şagirdlər idmanın insan həyatındakı əhəmiyyəti, onun fiziki və mənəvi cəhətdən insanı necə gücləndirdiyi barədə fikirlərini yaradıcı şəkildə ifadə ediblər.
Müsabiqə nəticəsində ən yaxşı esselər seçilərək mükafatlandırılıb və şagirdlərin idman və sağlam həyat tərzi ilə bağlı düşüncələri təqdir edilib. Bu kimi tədbirlər məktəblilərin sağlam düşüncəyə sahib olmalarına və idmana olan maraqlarının artmasına böyük töhfə verir.
İdman həftəsi çərçivəsində keçirilən bu müsabiqə bir daha göstərdi ki, sağlam və iradəli cəmiyyətin formalaşması üçün məktəblərdə bu kimi tədbirlərin təşkili vacibdir. Şagirdlər həm yazı bacarıqlarını inkişaf etdirdilər, həm də idmanın önəmi barədə daha dərin düşünmək imkanı qazandılar.
Bu kimi maarifləndirici və motivasiyaedici tədbirlərin gələcəkdə də davam etdirilməsi şagirdlərin sağlam həyat tərzinə daha da həvəslənməsinə və idmana maraqlarının artırılmasına xidmət edəcəkdir.