Narkomaniyaya “yox” deyək!

03 fevral 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə “Narkomaniyaya “yox”deyək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə IX sinif şagirdləri iştirak edib və onlar üçün mühüm məlumatlar təqdim olunub. Tədbirin əsas məqsədi narkotik vasitələrin zərərləri, onların cəmiyyətə və insan sağlamlığına vurduğu ciddi fəsadlar haqqında uşaqları məlumatlandırmaq, eyni zamanda şagirdləri bu təhlükədən uzaq durmağa təşviq etmək olub.

Tədbirdə məktəbin psixoloqu Sevinc Abdullayeva çıxış edərək narkotik maddələrin insan psixologiyasına mənfi təsirindən, onların fiziki və psixoloji asılılıq yaratmağından danışıb. O, narkomaniyanın yalnız fərdin deyil, bütövlükdə ailənin və cəmiyyətin problemi olduğunu vurğulayıb. Psixoloq şagirdlərə bu cür vərdişlərdən uzaq durmağın yolları, sağlam həyat tərzi seçməyin vacibliyi və düzgün dost seçiminin əhəmiyyəti barədə dəyərli məsləhətlər verib.

Daha sonra məktəbin təşkilatçısı Nigar Süleymanova çıxış edərək dövlətimizin narkomaniya ilə mübarizə sahəsində gördüyü işlərdən, bu sahədə qəbul olunmuş qanunlardan və həyata keçirilən proqramlardan bəhs edib. O, məktəbliləri bu məsələdə daha diqqətli olmağa, öz bilik və məlumatlılıqları ilə narkomaniyaya qarşı mübarizəyə töhfə verməyə çağırıb.

Tədbirin sonunda şagirdlər mövzu ilə bağlı suallarını verib, narkotik vasitələrin fəsadlarına dair müxtəlif məlumatlarla tanış olublar. Məktəbin müəllim kollektivi və psixoloq şagirdlərə sağlam həyat tərzi keçirməyin, idman və digər faydalı məşğuliyyətlərə yönəlməyin vacibliyini bir daha xatırladıb.

Belə maarifləndirici tədbirlərin keçirilməsi məktəblilərin bu təhlükədən xəbərdar olmasına və sağlam gələcək qurmaq üçün düzgün seçimlər etməsinə kömək edir. Cəmiyyət olaraq narkotiklərə qarşı mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür və bu istiqamətdə görülən hər bir iş gələcəyimiz üçün vacib addımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi