“Məktəb Konstitutsiyası” müsabiqəsinə start verilib.

Yenicə qədəm qoyduğumuz 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 96 nömrəli tam orta məktəbdə də müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İlk olaraq, 05.02.2025-ci il tarixdə məktəb rəhbərliyinin təşəbbüsü ilə “Məktəb konstitutsiyası” adlı müsabiqəyə start verilib. Müsabiqənin təşkilat komitəsi ilə məktəbin direktoru Mehriban Hacıyeva, kitabxana müdiri Ofeliya İsmayılova və təşkilatçı Nigar Süleymanova dəyirmi masa ətrafında görüşərək müsabiqənin formatını, məqsədini və qiymətləndirilməsi məsələlərini müzakirə ediblər. Müsabiqə 6 mentor müəllimin rəhbərliyi ilə 6 komanda arasında təsis edilib. Mentor müəllimlər Şəlalə Səmədova, Ofeliya Məmmədova, Nəzakət Əzizzadə, Aytən Məmmədova, Türkan İsmayılova və Lalə Həsənova təyin ediliblər. Hər müəllim öz rəhbərliyi altında 3 şagirdlə komanda yaradaraq məktəb rəhbərliyinin , müəllim və şagirdlərin hüquq və vəzifələrini özündə əks etdirəcək konstitutsiya aktı hazırlayacaqlar. Müsabiqənin təşkilat komitəsi fevral ayının son həftəsi hazırlanmış ən yaxşı aktı qalib iş kimi seçəcək. Bu iş təkmilləşdirilib “96 nömrəli tam orta məktəbin konstitutsiyası” kimi dərc ediləcək və məktəb lövhələrində paylaşılacaq. Hazırlanacaq bu sənəddə əks olunacaq maddələr Dövlət Konstitutsiyası,Təhsil Qanunu, Uşaq Hüquqları Konvensiyası, Şagird Davranış Qaydaları kimi rəsmi sənədlərə əsaslanacaq. Müsabiqə qalibləri mükafatlandırılacaq.
Bu müsabiqənin keçirilməsində məqsəd şagirdləri rəsmi qanunvericilik aktları, dövlət qanunları ilə yaxından tanış etmək, onlarda tədqiqatçılıq bacarıqlarını formalaşdırmaq, rəsmi yazı üslubu inkişaf etdirməkdir. Eləcə də, şagirdlərdə "hüquq və vəzifə" anlayışlarına doğru və ədalətli yanaşma formalaşdırmaqdır. Müsabiqəyə qatılacaq bütün komandalara uğurlar arzu edirik. Layihə çərçivəsində iş prosesini əks etdirən maraqlı məlumat və fotolarla sizi tanış edəcəyik.