Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı məktəblilərin Memorial Soyqırım Muzeyinə ekskursiyası

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Hərbi Prokurorluğun inzibati binasında yerləşən Memorial Soyqırım Muzeyinə məktəblilərin növbəli ekskursiyası təşkil edilib. Ekskursiyalar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmış qrafikə əsasən həyata keçirilib.
Bu çərçivədə, 12 fevral 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbin IX sinif şagirdləri təşkilatçı Nigar Süleymanovanın müşayiəti ilə muzeyi ziyarət ediblər. Ekskursiya zamanı şagirdlər Xocalı faciəsinin dəhşətli faktlarını, erməni hərbi birləşmələrinin törətdiyi qətliamın nəticələrini və soyqırımı şahidlərinin xatirələrini əks etdirən materiallarla tanış olublar.
Memorial Soyqırım Muzeyində nümayiş etdirilən fotoşəkillər, sənədlər və eksponatlar Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək nəsillərin bu qanlı hadisələri unutmaması baxımından böyük əhəmiyyət daşıyır. Muzey əməkdaşları məktəblilərə faciənin başvermə səbəbləri, nəticələri və onun dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Ekskursiya iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi guşələrə baxıb, hadisələrin canlı şahidlərinin ifadələrini dinləyiblər. Tədbirin sonunda şagirdlər Xocalı şəhidlərinin xatirəsinə ehtiramlarını bildirib, bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi həqiqətlərin unudulmamasının vacibliyini vurğulayıblar.