IX və XI sinif şagirdləri ilə “İmtahan və stress” mövzusunda maarifləndirici görüş

14 fevral 2025-ci il tarixində məktəbimizin IX və XI sinif şagirdləri üçün “İmtahan və stress” mövzusunda maarifləndirici görüş təşkil olunub. Tədbir məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən təşkil edilib və məktəbin təşkilatçısı Nigar Süleymanova da görüşdə iştirak edib.
Görüşün əsas məqsədi şagirdlərə imtahan öncəsi yaranan stressin səbəbləri, onun idarə olunması və aradan qaldırılması yolları haqqında məlumat vermək olub. Sevinc Abdullayeva imtahan stressinin təbii bir hal olduğunu vurğulayaraq, onun düzgün idarə edilmədiyi təqdirdə akademik performansa mənfi təsir göstərə biləcəyini qeyd edib.
Psixoloq stressin fizioloji və psixoloji əlamətlərini izah edərək, şagirdlərə stressin idarə olunması üçün müxtəlif texnikalar təqdim edib. Bunlar arasında düzgün nəfəs alma texnikaları, relaksasiya üsulları və pozitiv düşüncə tərzinin formalaşdırılması kimi metodlar yer alıb. O, həmçinin, imtahan öncəsi və zamanı vaxtın səmərəli idarə edilməsi, yuxu rejiminə diqqət yetirilməsi və balanslı qidalanmanın vacibliyini vurğulayıb.
Nigar Süleymanova isə şagirdlərə imtahanlara hazırlıq prosesində dəstək olmaq üçün məktəbdə mövcud olan resurslar və tədbirlər haqqında məlumat verib. O, şagirdləri qarşılaşdıqları çətinliklər və suallar üçün müəllim və psixoloqlara müraciət etməyə təşviq edib.
Görüş interaktiv formatda keçib, şagirdlər öz suallarını verib və narahatlıqlarını bölüşüblər. Onlar imtahan stressi ilə bağlı şəxsi təcrübələrini danışaraq, mütəxəssislərdən praktiki məsləhətlər alıblar.