Şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət ediblər

17 yanvar 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı onları məktəbin müəllimi Elnarə Babayeva müşayiət edib. Bu təşəbbüsün əsas məqsədi şagirdlərə Azərbaycanın müstəqillik tarixinin qan yaddaşını daha yaxından tanıtmaq, şəhidlərin xatirəsinə ehtiram göstərmək və vətənpərvərlik hissini daha da gücləndirmək olub.

Şagirdlər Şəhidlər Xiyabanına daxil olduqda əvvəlcə şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər. Onlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Müəllim Elnarə Babayeva şagirdlərə 20 Yanvar faciəsi zamanı canlarını vətən uğrunda qurban vermiş qəhrəmanların həyat hekayələri və bu tarixi hadisənin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, şəhidlərin göstərdiyi şücaətin xalqımızın azadlıq və müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu vurğulayıb.

Ziyarət zamanı şagirdlərə 20 Yanvar gecəsi baş verən hadisələr, xalqın azadlıq mübarizəsi, sovet qoşunlarının vəhşilikləri və bu faciənin Azərbaycanın müstəqillik uğrundakı mübarizəsinə təsiri haqqında geniş məlumat verilib. Şəhidlərin məzarları qarşısında dayanan şagirdlər onların qəhrəmanlıqlarını və vətən sevgisini dərindən hiss ediblər.

Ziyarət zamanı şagirdlər öz fikirlərini bölüşərək şəhidlərin fədakarlığından təsirləndiklərini bildiriblər. Onlar bu ziyarətin təkcə bir tarixi hadisəni xatırlamaq deyil, həm də vətənpərvərlik duyğularını gücləndirmək baxımından önəmli olduğunu qeyd ediblər. Şagirdlərdən biri çıxışında dedi: “Bu xiyaban bizim azadlığımız üçün canlarını fəda edən qəhrəmanların xatirəsini yaşadır. Onların fədakarlığı heç vaxt unudulmayacaq.”

Elnarə Babayeva ziyarət zamanı şəhidlərin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını artırır. O, vurğulayıb ki, gənclər tarixi unutmamalı və onu gələcək nəsillərə ötürməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi