20 Yanvar faciəsinə həsr olunmuş xatirə guşələri və divar qəzetləri
17 yanvar 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin dəhlizləri və sinif otaqları xüsusi bir abu-havaya bürünüb. Məktəbdə Azərbaycanın müstəqillik tarixinin qan yaddaşı olan 20 Yanvar faciəsinə həsr olunmuş divar qəzetləri buraxılıb və xatirə guşələri yaradılıb. Bu təşəbbüs, 20 Yanvar şəhidlərinin əziz xatirəsini yaşatmaq və həmin faciəvi günün tarixi əhəmiyyətini şagirdlərə çatdırmaq məqsədini daşıyıb.
Məktəbin dəhlizlərində və sinif otaqlarında hazırlanan divar qəzetləri şagird və müəllimlərin birgə səyi ilə ərsəyə gətirilib. Divar qəzetlərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr, şəhidlərimizin həyat yolu və onların qəhrəmanlığı haqqında məlumatlar öz əksini tapıb. Bu qəzetlərdə həm də faciəni əks etdirən fotoşəkillər, şagirdlərin çəkdiyi rəsmlər və yazdıqları şeirlər yer alıb.
Şagirdlərin hazırladığı divar qəzetləri xüsusi diqqət çəkib. Onlar öz bilik və yaradıcılıqlarını nümayiş etdirərək, şəhidlərin qəhrəmanlığını unudulmaz bir xatirəyə çevirməyə çalışıblar. Hər sinif otağında hazırlanan bu qəzetlər şagirdlər arasında həm milli ruhu gücləndirib, həm də onların tarixi biliklərini zənginləşdirib.
Məktəbin dəhlizlərində yaradılan xatirə guşələri isə xüsusi bir ab-hava yaradıb. Guşələrdə şəhidlərin fotoşəkilləri, onların həyat və qəhrəmanlıq yolu ilə bağlı məlumat lövhələri, qərənfil gülləri və Azərbaycanın üçrəngli bayrağı nümayiş etdirilib. Şagirdlər bu guşələr qarşısında toplaşaraq şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.