“Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası istiqamətində növbəti tədbir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və UNICEF-in birgə həyata keçirdiyi “Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi məktəbimizdə pilot olaraq artıq 3 ildir ki, icra olunur və uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühütün təmin edilməsi məqsədini daşıyır. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də 07 yanvar 2025-ci il tarixdə məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayevanın sinif rəhbərləri ilə bir araya gələrək uşaqların müdafiəsi və təhlükəsizliyi istiqamətində vacib məsələləri müzakirə etdiyi görüş olub.
Layihə çərçivəsində görülən işlərin əsas məqsədi uşaqların təhlükəsizliyinin təmin edilməsi, zorakılığın qarşısının alınması və məktəb mühütündə psixoloji rifahın qorunmasıdır. UNICEF-in dəstəyi ilə həyata keçirilən bu təşəbbüs şagirdlər üçün sağlam və təhlükəsiz mühütün yaradılmasını prioritet tutur. Layihə, həmçinin, müəllimlərin və sinif rəhbərlərinin uşaqların müdafiəsindəki rolunu gücləndirməyi hədəfləyir.
96 nömrəli tam orta məktəbdə keçirilən görüşdə uşaqların müdafiəsi və təhlükəsizliyi istiqamətində aşağıdakı əsas məsələlər müzakirə olunub:
1. Uşaq hüquqlarının qorunması:Təşkilatçı Nigar Süleymanova sinif rəhbərlərini uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericiliklə tanış edib. Uşaqların hər cür zorakılıqdan qorunması və hüquqlarının təmin olunmasının müəllimlərin vəzifələrindən biri olduğunu vurğulayıb.
2. Təhlükəsiz mühütün yaradılması: Psixoloq Sevinc Abdullayeva məktəb mühütündə təhlükəsizlik qaydalarının tətbiqi və şagirdlər arasında qarşılıqlı hörmətin təşviqi barədə geniş məlumat verib. O, təhlükəsizlik qaydalarına əməl olunmasının yalnız fiziki mühütü deyil, həm də psixoloji təhlükəsizliyi təmin etdiyini qeyd edib.
3. Risk hallarının aşkarlanması və müdaxilə: Görüş zamanı zorakılıq, təzyiq və laqeydlik halları ilə bağlı erkən müdaxilə mexanizmləri müzakirə edilib. Psixoloq Sevinc Abdullayeva sinif rəhbərlərinə riskli halların necə tanınacağını və bu vəziyyətlərdə necə davranmaq lazım olduğunu izah edib.
4. Valideynlərlə əməkdaşlıq: Görüşdə valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinin uşaq müdafiəsindəki əhəmiyyəti vurğulanıb. Valideynlərin təlim və maarifləndirmə prosesinə cəlb olunması üçün tədbirlərin keçirilməsi tövsiyə edilib.