Məktəbimizdə “Gender bərabərliyi” mövzusunda viktorina
11.12.2024-cü il tarixdə məktəbimizdə 9, 10 və 11-ci sinif şagirdləri arasında “Gender bərabərliyi” mövzusuna həsr olunmuş viktorina keçirilib. Yarışın məqsədi, tarix boyu gender bərabərliyi uğrunda aparılan mübarizələr, önəmli şəxsiyyətlər və hadisələr haqqında şagirdlərin məlumatlılığını artırmaq və bu mövzuya olan marağı gücləndirmək olub. 2 mərhələdən və finaldan ibarət olan bu yarışın sualları əsasən tarixdə gender bərabərliyinin inkişafı, qadın hüquqları, tanınmış feminist liderlər və gender bərabərliyini təşviq edən mühüm qanunlarla bağlı olub. 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 4 müxtəlif komanda yarışda fəal iştirak edib.
Çox maraqlı və gərgin keçən yarışın sonunda “Təhsil” komandası qalib gəlib. Komanda, viktorina ərzində təqdim olunan suallara dəqiq və ətraflı cavablar verməklə üstünlük qazanıb. Komanda üzvləri məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub. Sonda xatirə fotosu çəkilib.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərdə gender bərabərliyinin vacibliyi, tarixi mübarizələr və bu sahədə əldə edilən nailiyyətlər haqqında məlumatlılığı artırır. Bu yarışda da şagirdlər gender balansını qorumağın yalnız fərdlər üçün deyil, həm də cəmiyyətin ümumi inkişafı üçün nə qədər vacib olduğunu bir daha öyrəniblər.
Tədbirin təşkilində əməyi keçən məktəb rəhbərliyinə, müəllimlərə və iştirakçılara dərin təşəkkürümüzü bildiririk. Gender bərabərliyi ilə bağlı bu cür maarifləndirici fəaliyyətlərin gələcəkdə də davam edəcəyinə inanırıq.