9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.
Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
07.11.2024-cü il tarixdə məktəbimizin kitabxanasında təşkilatçı Nigar Süleymanova, tarix müəllimi Nəzakət Əzizzadə, kitabxana müdiri Ofeliya İsmayılova, kirabxanaçı Təranə Cəfərova və yuxarı sinif şagirdlərinin iştirakı ilə “9 noyabr Dövlət Bayrağı Günüdür” adlı dəyirmi masa keçirilib. Bu dəyirmi masada Azərbaycanın üçrəngli müqəddəs bayrağının şanlı tarixi ətrafında maraqlı müzakirələr aparılıb.