Heydər Əliyev və suveren Azərbaycan

Mayın 8-i məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Suveren Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə BDU-nin tarix üzrə fəlsəfə doktoru, dosent Nurlan Abbasov, tarix üzrə fəlsəfə doktoru Elşən Aslanov, Səbinə Alıyeva, məktəbin direktoru Tünzalə Zeynalova, Bakı Dövlət Universitetinin tarix fakültəsinin təcrübəçi tələbələri və müəllimlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə tədbiri açan məktəbin direktoru bildirib ki, Heydər Əliyevin ömür yolu Vətənə, xalqa, millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Ulu öndər özünün fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində izzətinin və səlahiyyətinin həddi-hüdudu olmayan polad iradəli bir lider kimi qalmışdır.
Çıxış edən qonaqlar “Konstitusiya və Suverenlik ili ” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən və Ulu öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs edib.
Tədbir zamanı Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, BDU-nin təcrübəçi tələbəsi Fatimə Hüseynovanın “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Sonra şagirdlərin hazırladığı rəqslər nümayiş etdirilib, musiqilər və şeirlər səsləndirilib.
Sonda qonaqlar və tədbir iştirakçıları xatirə şəkli çəkdirib.