Şəhid Mahir Mirzəyevin məzarı ziyarət edildi.
06 aprel 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, şəhidin atası Sabir Mirzəyev və yaxınları, gənclər, ictimaiyyətin nümayəndələri, 291 saylı liseyin GÇH müəllimi Fərrux Salamov və hərbi geyimdə olan gənc şahinlər aprel döyüşləri zamanı qəhrəmancasına həlak olan şəhid Mahir Mirzəyevin məzarını ziyarət etmişdir. Mərasimdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Anım tədbirində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında qeyd etmişdir ki, işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu olmuşdur. Mahir Mirzəyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Sonra şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söyləyib, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verib.Sonda mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər və şəhidin məzarına gül düzdülər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!