Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyi dövlət orta ümumi təhsil müəssisəsi olub, Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Lisey 1994-cü ildən fəaliyyət göstərir. Liseyin tədris binaları üçmərtəbəli əsas və ikimərtəbəli əlavə korpuslardan ibarətdir. Tədris Azərbaycan və rus dillərində aparılır. Lisey 5 günlük və birnövbəli iş rejimində çalışır. Liseyə şagird qəbulu V sinifdən müsabiqə yolu ilə həyata keçirilir. V və VI siniflər liseyə hazırlıq, VII-XI siniflər isə lisey sinifləridir. VII sinifdən başlayaraq şagirdlərin meyil və marağına uyğun şəkildə siniflər texniki və təbiət təmayülləri olaraq qruplaşdırılır. X və XI siniflərdə dərslər tam orta təhsil səviyyəsi üzrə təmayüllər əsasında tədris olunur.
Liseydə 3 nəfər Əməkdar müəllim, 3 nəfər Qabaqcıl Təhsil işçisi adına, 1 nəfər "Tərəqqi" medalına layiq görülmüş müəlim tədris aparır. Müəlllimlərimizdən 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Liseyin pedaqoji işçilərinin elmi və publisistik məqalələri, tədqiqatlarının nəticələri ölkəmizdə və ondan kənarda müxtəlif dərgilərdə dərc edilir. Liseydə biologiya, kimya laboratoriyaları, geniş idman zalı, təmin olunmuş hərbi kabinet, zəngin kitabxana, dörd informatika kabineti şagirdlərin istifadəsindədir. Liseydə 5 dövlət əsaslı dərnək fəaliyyət göstərir.
Liseyin özünəməxsus ənənələri var. Liseydə hər ilin oktyabr ayında riyaziyyat və məntiq üzrə liseydaxili olimpiada, noyabr ayında "Breyn-rinq" intellektual bilik yarışı, dekabr ayında Elmi konfrans, mart ayında Şagird özünüidarə günü, may ayında Şagird elmi konfransı keçirilir.
Lisey 2007-2008 və 2013-2014-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. 1998-2022-cı illər ərzində liseyin 200-ə qədər məzunu 600-dən yuxarı bal toplayaraq respublikamızın, eləcə də xarici ölkələrin müxtəlif nüfuzlu ali məktəblərinə qəbul olub. 20-dən çox şagirdimiz müxtəlif illərdə ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladığı üçün Prezident təqaüdünə layiq görülüb. Lisey onbirillik və doqquzillik buraxılış imtahanlarının nəticələrinə, ali məktəblərə qəbul göstəricilərinə görə ölkə üzrə ilk sıralardadır. Hər il liseyin ali məktəblərə qəbulu 98%-dən yüksək olur. Liseyimizin məzmunları Ali Məktəb mərhələsini müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətlərini uğurla davam etdirirlər. Liseyimizin məzunlarının bir çoxu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğalçılardan azad etmək üçün aparılan 44 günlük Vətən Müharibəsində iştirak edib, igidliklərinə görə təltif olunublar. Bir məzunumuza Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Liseyimiz Nərimanov rayonu üzrə “Kiçik Akademiya” mərkəzidir. Lisey dəfələrlə bir sıra milli və beynəlxalq layihələrin, yarış və müsabiqələrin məktəb və şagirdlər kateqoriyaları üzrə qalibi olub. Liseyimiz dəfələrlə "Şahin" hərbi-idman oyunlarının Respublika üzrə qalibi olub. Liseyimizin şagirdləri Təhsil Nazirliyi və müxtəlif dövlət qurumlarının təşkil etdiyi "Sabahın alimləri", "Ən yaxşı təqdimat", "Fənn müsabiqələri", "Lütfizadə adına Məntiq Olimpiadası" və digər müsabiqə və layihələrində qalib olub, ölkəmizi beynəlxalq səviyyədə təmsil ediblər. 2011, 2013-cü illərdə iki dəfə "İNEPO" Beynəlxalq Layihəsində qızıl və bürünc medallara layiq görülüb. 2011-2012-ci tədris ilində "SPARE" Beynəlxalq Məktəbli layihəsində bir şagirdimiz qalib olub. 2017-ci il də Hollandiyada IJSO 2017 Vəqfinin təşkilatçılığı ilə XIV Beynəlxalq Gənclər Elm Olimpiadasında dünyanın 50 ölkəsindən gəlmiş 300-dən çox şagirdlərin arasından fizika, biologiya və kimya fənni üzrə liseyimizin şagirdi bürünc medala layiq görülüb. 2018-2019-cu tədris ilində IJSO-nun təşkilatçılığı ilə XV Beynəlxalq Gənclər Elm Olimpiadasında liseyimiz bürünc medala layiq görülüb. Liseyimiz bir neçə dəfə ”Təhsildə inkişaf və innovasiyalar“ müsabiqəsinin məktəb və fərdi kateqoriyalar üzrə qalibi olub. Liseyimizin şagirdləri dəfələrlə Nərimanov rayonu və Bakı şəhəri üzrə müxtəlif dövlət qurumlarının layihə və tədbirlərində birincilik qazanıblar. Liseyimiz 2021-ci ilin dekabrında "Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir" adlı Beynəlxalq Elmi Konfransın təşkilatçısı olub. 2022-ci ildə bir şagirdimiz Sabahın alimləri XI Respublika müsabiqəsinin qaliblərindən olub. 2021-2022-ci tədris ilində bir şagirdimiz Respublika fənn müsabiqəsində qızıl, bir şagirdimiz gümüş medal qazanıb. 2021-2022-ci tədris ilində bir şagirdimiz liseyi qızıl medalla bitirib. Bu tədris ilində 53 nəfər məzunumuzun 52 nəfəri Ali məktəblərə, bir məzunumuz orta ixtisas təhsil müəssisəsinə qəbul olub. 2 şagird "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət proqramı" üzrə təqaüd qazanaraq nüfuzlu xarici ölkə universitetlərinə qəbul olublar.
2021-ci ilin noyabr ayından lisey məzunumuz, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyır.